Natiq Əhməd oğlu Şirinzadə 17 iyun 1966-cı ildə Şəki şəhərində anadan olub. 1983-cü ildə Şəki 10 saylı riyaziyyat təmayüllü orta məktəbi bitirmiş, 1983-89-cu illərdə D.İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İstitutunun “Silikatların kimyəvi texnologiyası” fakültəsində təhsil almışdır. 1994-96-cı illərdə Azərbaycan Qərb Universitetini “Xarici iqtisadi əlaqələrin təşkili və idarə edilməsi” ixtisası üzrə bitirmişdir. 2009-2013-cü illərdə AMEA-nın M. Nağıyev adına Kimya Problemləri İnstitutunda “Quruluş kimyası və silikatların neft sənayesində tətbiqi” üzrə təhsil almışdır. Hərbi mükəlləfiyyəti ehtiyatda olan leytenantdır. Əmək fəaliyyətinə 1990-92-ci illərdə Bakı asbestsement və keramika məmulatları kombinatında mühəndis, aparıcı mühəndis vəzifələrilə başlamışdır. 1992-96-cı illərdə “Loğman” SC-nin Baş direktoru olmuşdur. 1997-98-ci illərdə Dövlət Əmlak Komitəsində Məsləhətçi, 1998-99-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində İqtisadi məsələlər üzrə müavin, 1999-2000-ci illərdə Ticarət Nazirliyində şöbə müdiri, 2001-2002-ci illərdə “Binəqədi Tikinti Təchizat” ASC-nin İdarə heyətinin sədri, 2003-2006-cı illərdə “Azinşaat holdinq” Şirkətlər qrupunun prezidenti, 2006-2014-cü illərdə “Daş Salahlı Bentonit” ASC və “AzRosPromİnvest” BM-nin Direktorlar şurasının sədri, sonra isə Qlobal İqtisadi Problemlər İnstitutunun sədri, 2019-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Direktor müavini və İdarə rəisi vəzifələrində çalışmışdır.
12 mart 2024-cü ildən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində İdarə Heyəti sədrinin müavinidir.
Ailəlidir, 2 övladı var.