news_open

06 iyun 2023

10 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyulun 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qızılburun” gil, “Şıxzərli” gips, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl, “Təzəkənd” qum-çınqıl, “Göyçay-I” qum-çınqıl, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl, Quba rayonu “Qorxmazoba” qum-çınqıl yataqları, həmçinin 2 lot üzrə Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl, 4 lot üzrə Göygöl rayonu “Qızılca” plagioporfir  və 15 lot üzrə Quba rayonu “Qonaqkənd” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə, hərracda başlanğıc qiyməti 2500 -76 000 manat arasında dəyişən 10 yataq üzrə 28 lot təqdim olunacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.

Elanda göstərilən sənədlər 22 iyun 2023-ci il saat 16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) iyulun 5-də saat 11-də keçiriləcək.

Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkədə mövcud səhifələrindən də əldə edə bilərsiniz.



Lastest