
17 iyun 2025
Azərbaycan CAREC-in kritik minerallarla bağlı sessiyasında iştirak edir
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Asiya İnkişaf Bankının CAREC - Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində “AIB-CAREC Kritik Minerallar Üzrə Bilik Bazası: Xarici investisiyaların təşviq edilməsi məqsədilə CAREC regionunda kritik mineral potensialının üzə çıxarılması” adlı sessiya keçirilir. İclasda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov iştirak edir. Agentlik rəsmisi Azərbaycanın kritik mineral potensialı, bu sahədə qiymət siyasəti, maliyyələşdirməyə çıxış, daha yaxşı emal texnologiyaları, o cümlədən mövcud istiqamət üzrə yumşaq ekoloji standartların tətbiqi kimi məsələləri özündə əks etdirən təqdimatla çıxış edib. Sessiyada kritik minerallardan istifadə, texnoloji yeniliklər, sahə üzrə üzv ölkələrdə aparılan siyasət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.