07 iyun 2023
Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya – Mədənçilik Forumu keçiriləcək!
“Heydər
Əliyev ili”-nə həsr olunmuş Forum Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən, 26-27 oktyabr tarixlərində
təşkil olunacaq.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın
mədənçilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq
arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi,
kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli
investisiyanın cəlb edilməsidir.
Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin
və geoloqların çıxış edəcəyi bu Forumda sözügedən sahədə müasir tendensiyalar,
yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə
olunması ətrafında təcrübə mübadiləsi aparılacaq. Belə ki, Forum Azərbaycanın
dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası
baxımından böyük əhəmiyyət daşıyacaqdır. Bundan əlavə, dağ-mədən sənayesində
hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni
metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri
kimi mövzular da Forumun gündəliyində yer almışdır.
Forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin
çıxışı gözlənilir. Həmçinin 2 günlük proqram çərçivəsində yerli və beynəlxalq
ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fürsətləri
yaranacaqdır.
Forumun proqramı, çıxış edəcək spikerləri və
digər məlumatları tədbirin rəsmi internet səhifəsindən əldə etmək mümkündür – www.geomining.az
Həmçinin, Forum çərçivəsində “Springer Nature”
beynəlxalq jurnalında elmi məqalələrin nəşri nəzərdə tutulur. Bu nüfuzlu
jurnalın bir nömrəsi tamamilə foruma həsr olunacaq.
Belə ki, Forum iştirakçıları dağ-mədən, geomühəndislik
və “yaşıl” enerji mövzusunda innovativ tədqiqatlarını, elmi məqalələrini bu nömrədə
dərc etmək imkanını əldə edəcəklər.
Forum haqqında yenilikləri və digər xəbərlər haqqında məlumatları Dövlət Mineral Xammal Ehtiyatlarından Istifadə Agentliyinin rəsmi internet səhifəsindən (meda.gov.az) və ya Facebook və Linkedin səhifələrindən də əldə edə bilərsiniz.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı