news_open

30 oktyabr 2023

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirildi.

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu başa çatıb.

Beynəlxalq tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə “Geologiya və dağ-mədən sənayesində qabaqcıl metod və texnologiyaların tətbiqi” və “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzularında panel sessiyaları keçirilib.

Həmçinin Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.

Qeyd edək ki, forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edib.



Lastest