09 iyun 2023
Bu gün dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər mövzusunda biznes forum baş tutdu.
“Dağ-mədən
sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes forumda ölkəmizdə, xüsusilə də işğaldan azad
olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən sektoruna
investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair qanunvericiliyin tələbləri,
bu sahədə yeni texnologiyaların tətbiqi barədə məlumat verilib.
“Bakı KOB evi”ndə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı
ilə “Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər” mövzusunda biznes
forum keçirilib.
Tədbirdə aidiyyəti dövlət
qurumlarının nümayəndələri və dağ-mədən sahəsində fəaliyyət göstərən
sahibkarlar iştirak ediblər.
Forumda ölkəmizdə, xüsusilə də
işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları, dağ-mədən
sektoruna investisiya qoyuluşu, yerin təkindən istifadəyə dair mövcud
qanunvericiliyin tələbləri, yeni texnologiyaların tətbiqi, təbii resursların
iqtisadi dövriyyəyə cəlb edilməsi, sözügedən sahədə hesabatlılıq, şəffaflıq və
xidmətlər üzrə operativliyin təmini məqsədilə yeni istifadəyə verilmiş
“Elektron platforma”nın tətbiqinə dair məlumat verilib.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ
inkişaf şöbəsinin sektor müdiri Şaiq Adıgözəlov dağ-mədən sahəsində ölkəmizin böyük potensiala malik
olduğunu, bu sahədə mövcud qanunvericilik, həyata keçirilən tədbirlər, tətbiq
olunan müasir texnologiyalar, şəffaflığın təmin olunması istiqamətində görülən
işlər barədə danışıb, müvafiq tədbirlərin sektoru yerli və xarici
investisiyalar üçün cəlbedici etdiyini qeyd edib.
Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların çətinliklərinin və ehtiyaclarının öyrənilməsi
məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq müvafiq qurumlarla birgə müxtəlif
sektorlar, o cümlədən dağ-mədən sahəsi üzrə görüşlərin və tədbirlərin keçirildiyini
qeyd edib. Bildirilib ki, dağ-mədən sahəsi üzrə 13 dövlət qurumunun və 2
ictimai birliyin iştirakı ilə İşçi Qrupu da yaradılıb. Sektorun başlıca
problemləri əsasən hələ də bu sahədə bəzi
qeyri-leqal fəaliyyətin mövcud olması, dağ-mədən sahəsində istismara qəbul
zamanı çətinliklərin mövcudluğu, sahə üzrə qanunvericilik tələblərinə və
yeniliklərə dair sahibkarların məlumatlığının az olmasıdır. KOBİA sədri dağ-mədən
sektorunda fəaliyyət göstərən sahibkarları bizneslərinin inkişafı və mövcud çətinliklərinin
aradan qaldırılması üçün dövlət qurumları və bu sahədə ixtisaslaşmış biznes assosiasiyalarla
fəal əməkdaşlığa dəvət edib.
Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov dağ-mədən sənayesinin şəffaflaşdırılması, bu sahədə
azad rəqabət mühitinin formalaşdırılması, qanunvericiliklə müəyyən olunmuş
norma və standartların tətbiqi məqsədilə hərracların təşkilinə başlanıldığını
qeyd edib. Bildirilib ki, məqsəd sahibkarları bu sahəyə investisiya yatırmağa təşviq
etmək, itkisiz, müasir texnologiyalardan istifadə olunmaqla faydalı qazıntı
yataqlarının səmərəli istismar olunması və iqtisadi dövriyyəyə cəlb edilməsidir.
Forumda Geoloji Kəşfiyyat Agentliyinin, Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin və “Paşa Bank” ASC-nin əməkdaşları
tərəfindən ölkəmizdə mövcud olan faydalı qazıntı yataqlarına, yerin təkindən
istifadəyə dair qanunvericiliyə, yeni texnologiyaların tətbiqinə və “Elektron
platforma”ya dair təqdimatlar keçirilib.
Tədbir çərçivəsində həmçinin, müvafiq dövlət qurumları və sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes subyektlərinin dağ-mədən sahəsi, bu sahədə fəaliyyət üçün maliyyə vəsaitinin ayrılması, biznesin qurulmasına və inkişafına dövlət dəstəyi barədə sualları cavablandırılıb.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı