30 noyabr 2022
Daşkəsəndə “Qırmızı kitab”a daxil edilmiş nadir bitki növlərinin reintroduksiyası həyata keçirilib
“AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional
Emal Sahəsində “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində
olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə
reintroduksiyası layihəsinin sonuncu mərhələsinin yekunu olaraq ekoloji aksiya
keçirilib.
Aksiyada Cəmiyyətin əməkdaşları,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Regional İnkişaf” İctimai
Birliyinin (RİİB) təmsilçiləri, Mərkəzi Nəbatat Bağının mütəxəssisləri, eləcə də
RİİB-in könüllülər iştirak ediblər.
Əvvəlcə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam
Fərzəliyev layihə barədə məlumat verib. Qeyd edilib ki, 2021-ci ildən icrasına
başlanılan layihə çərçivəsində Daşkəsən rayonu ərazisində rast gəlinən və “Qırmızı
Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan “Rosa Zangezura”
(Zəngəzur itburnusu), “Rosa Nisami” (Nizami itburnusu), “Pulverulenta” kimi
itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan “Frangula
Grandiflora” (İriyarpaq kövrək mürdəşər) aşkarlanaraq toxumları yığılıb. Mərkəzi
Nəbatat Bağının Qida və dərman bitkiləri laboratoriyasında həmin toxumların
çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilib və
xüsusi aqrotexniki qaydada təcrübə sahəsində əkilməklə ötən bir il ərzində
bütün növ toxumların yetişdirilməsinə nail olunub. Sədr müavini layihənin əhəmiyyəti,
ətraf mühitin qorunmasının vacibliyi, bu istiqamətdə ölkə üzrə fəaliyyətin təşviqi
nəzərə alınaraq, nadir bitki kollarının çoxaldılması layihəsinin gələn il də
davam etdirilməsinin planlaşdırıldığını qeyd edib.
ETSN-in Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov
isə ətraf mühitin mühafizəsi ilə bağlı “AzerGold” QSC-nin davamlı olaraq həyata
keçirdiyi tədbirlərin xüsusi önəminə toxunaraq, Səhmdar Cəmiyyətin dağ-mədən
sahəsində uğurlu fəaliyyəti ilə yanaşı, ekologiya sahəsində həyata keçirdiyi
nümunəvi tədbirlərlə müsbət imic formalaşdırdığını bildirib. S.İdayətov bu cür
təşəbbüsləri yüksək qiymətləndirildiyini qeyd edərək, layihənin Daşkəsən ərazisində
bitən nadir bitki növlərinin məhv olması təhlükəsinin aradan qaldırmasına böyük
töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Mərkəzi Nəbatat
Bağının Qida və dərman bitkiləri laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə
doktoru Yusif Zeynalov bitkilərin təbii xüsusiyyətləri və çoxaldılması
metodikası barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda çoxaldılmış nadir
bitki növlərinin, həmçinin əlavə olaraq göyrüş tinglərinin “Çovdar” qızıl mədəni
ətrafında kütləvi əkini həyata keçirilib, aqrotexniki qaydalara uyğun olaraq
bitkilərə qulluq göstərilib.
Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir. Qeyd edilən tədbirlər çərçivəsində bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı