news_open

24 oktyabr 2023

Geologiya-Mədənçilik Forumunda 30-a yaxın ölkədən 62 ekspertin iştirakı gözlənilir

Oktyabrın 26-da Bakıda Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək.

Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, forumda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 62 ekspertin iştirakı gözlənilir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunun ölkəmizin dağ-mədən sənayesinin dünyada mövcud olan bu sahədəki yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyəti olacaq, mövcud və potensial imkanların beynəlxalq arenaya çıxarılmasına, kommunikasiyanın qurulması və bu sahəyə investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, "AzerGold" QSC, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan forum sessiyalar, sərgilər və görüşlərlə oktyabrın 26-dan 27-dək davam edəcək.

Agentliyin İdarə Heyətinin sədrinin sözlərinə görə forum “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə 4 paneldə keçiriləcək.



Lastest