news_open

21 dekabr 2022

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya 10 gündür davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.


Qeyd edək ki, aksiyada ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri və tələbələr iştirak edir.


Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.


Xatırladaq ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.


Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfər uğurla başa çatmayıb.




Lastest