30 aprel 2026
Qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı İşçi Qrupunun ilk iclası keçirildi
Azərbaycan Respublikası
Prezidentinin 2026-cı il 7 aprel tarixli 639 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki
istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar”a
uyğun olaraq yaradılmış İşçi Qrupunun ilk iclası keçirildi.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi, “Azərişıq” ASC və aidiyyəti
yerli İcra Hakimiyyəti orqanlarının rəsmilərinin iştirakı ilə keçirilən iclasda
İşçi Qrupunun fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və 2026-2027-ci
illəri əhatə edən iş planı müzakirə olundu.
İşçi Qrupunun əsas məqsədi qeyri-filiz
faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz
faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin
fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə
uyğunlaşdırılması, o cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun
mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz
iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə
dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata
keçirilməsidir.
İclasın yekununda İşçi Qrupunun katibi təyin edilərək iş planı təsdiq olundu.

