news_open

07 mart 2025

Qəbələ, Oğuz və Qax rayonlarında yerləşən qeyri-filiz faydalı qazıntı yataqlarına birgə baxış keçirildi

Dövlət başçısının imzaladığı “Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında sərəncamdan irəli gələn öhdəliklərin icrası məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC-nin nümyəndə heyəti Şəki-Zaqatala iqtisadi rayonuna səfər etdi. Agentliyin sədri Samir İdayətov və “AzerGold” QSC-nin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nüməyəndə heyəti yerli icra nümayəndələri ilə birgə Qəbələ, Oğuz və Qax rayonlarının ərazisində yerləşən qeyri-filiz faydalı qazıntı yataqlarına baxış keçirtdilər. Nümayəndə heyəti faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə sahibkarlarla görüşdü, onların təkliflərini dinlədi, sualları cavablandırdı. Mövcud vəziyyət yerində təhlil edildi. Dağ-mədən işlərinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı, yeni təşəbbüslər müzakirə olundu və tövsiyələr verildi. Sahə üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulandı. Aparılan təhlillərin əsas məqsədi dağ-mədən işlərində səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi, yeni iş yerlərinin yaradılması ilə regionlarda məşğulluğun artırılmasına töhfələrin verilməsidir.   








Lastest