11 iyul 2024
Türkanda mədənlərin qanunsuz istismarına qarşı tədbirlər görülür
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri media mənsubları ilə birgə Xəzər rayonunda yerləşən "Türkan I" və "Türkan II" əhəngdaşı yataqlarına baxış keçirdilər. Agentliyin sədr müavini Elçin Məcidov jurnalistlərə açıqlamasında dedi ki, yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə Türkandakı əhəngdaşı yataqlarında qanunsuz istismara qarşı 2023-cü ildən monitorinqlər aparılır. Ötən il ərzində burada icazə sənədi olmadan 9 qanunsuz hasilat faktı müəyyən olunmuş, 9 akt və 8 inzibati xəta haqqında protokol tərtib edilmişdir. 2024-cü il ərzində isə qanunsuz istismar fəaliyyətinə qarşı mübarizə işləri çərçivəsində 7 qanunsuz hasilat faktı müəyyən olunmuşdur.
Yeri gəlmişkən, dağ-mədən sənayesilə məşğul olan sahibkarları yer təkindən istifadə zamanı diqqətli olmağa, qanunlara riayət etməyə çağırırıq. Çünki istismar zamanı ekoloji duruma, ətraf mühitə və perspektivə həssas yanaşmalıyıq.
Agentlik yer təkindən istifadə üzrə müntəzəm hərraclar elan edir. Özünün “meda.gov.az” rəsmi internet səhifəsində iştirak qaydalarını paylaşır və sahibkarları hərraca dəvət edir. İnvestorlar müvafiq qaydalar üzrə tələb olunan sənədləşmə şərtlərini yerinə yetirməklə bu hərraclarda iştirak edə, dağ-mədən sahəsində qanunvericiliyə uyğun istismar fəaliyyətlərini icra edə bilərlər.
Faydalı qazıntı yataqlarının qənaətlə və təhlükəsiz istismarını təmin etmək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin başlıca fəaliyyət prinsiplərindən biridir.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı