news_open

19 fevral 2025

İlin ilk hərracı keçirildi

Fevralın 19-da Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə Əmlak Xidmətləri Məkanında yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi. Xocalı rayonunun inzibati ərazisində yerləşən “Xocalı” gil yatağı auksion formasında hərraca çıxarıldı. Bu hərracla faydalı qazıntı yatağının 1 LOT üzrə 6 hektar sahəsində istismara icazə verildi. İstismar müddəti isə 5 ildir. “Xocalı” gil yatağı üçün dağ-mədən fəaliyyətlərilə məşğul olan iki yerli şirkət - “Xocalı kərpic zavodu” MMC və “Azel Texnika” MMC rəqabət apardı. Hərrac uğurlu oldu. Ədalətli rəqabət mühitində keçən auksionda təklif olunan yekun qiymət başlanğıc qiymətini üstələdi. Hərrac başa çatdıqdan sonra komissiya üzvləri yekun protokolu imzaladılar.

          Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov mediaya müsahibə verdi:

“Bu gün 2025-ci ilin ilk hərracını keçirdik. Ümumilikdə isə 279-cu hərracımızdır. Prosesi qənaətbəxş hesab edə bilərik. Çünki burada əsas məqsədimiz  təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadəni təmin etmək, faydalı qazıntı yataqlarında qanunsuz istismara qarşı mübarizə aparmaq və hərracların təşkililə investor şirkətlər arasında dürüst rəqabətə şərait yaratmaqdır. Digər yandan işğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı inşaat layihələrinə də töhfədir. İllər sonra bölgədə milli dağ-mədən fəaliyyətinin bərpası yurdlarına qayıdan soydaşlarımızın işlə təminatı baxımından da dəyərlidir.” 
















Lastest