12 iyun 2024
ŞƏRQİ ZƏNGƏZURDA HƏRRAC KEÇİRİLDİ
Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda yer təkinin istifadəyə verilməsi üzrə hərrac keçirildi. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə aidiyyəti qurumların rəsmiləri, iş adamları və media mənsubları iştirak etdilər. Tədbir Zəngilan rayonunun Ağalı kəndində keçirildi. Hərracdan əvvəl Agentliyin təqdimatı oldu.
İşğaldan azad olunan ərazilərdə yer təkindən istifadəyə yeni yanaşmalar, bölgədəki faydalı qazıntı yataqlarının növləri, mühafizəsi və öyrənilməsi təqdimatda əksini tapdı. Bildirildi ki, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar sahibkarlar üçün sağlam rəqabət imkanı və əlverişli şərait yaradır. Sonra Laçın rayonuna məxsus “Əhmədli” mişar daşı yatağı və Qubadlıda yerləşən “Hacılı” əhəng daşı yatağı auksion formasında hərraca çıxarıldı. Dağ-mədən fəaliyyətilə məşğul olan 4 şirkət rəqabət apardı. İstismarçılar 3-ü Qubadlıya, 7-si Laçına məxsus olmaqla ümumilikdə 10 lot üzrə auksiona qatıldılar. Faydalı qazıntı yataqları üçün edilən son təkliflər start qiymətindən yüksək oldu.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov mətbuata açıqlamasında dedi ki, təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadəni, həmçinin investor şirkətlər arasında dürüst, şəffaf rəqabəti təmin etmək hərracın əsas məqsədidir. Yer təkindən kompleks və təhlükəsiz istifadə Agentliyin əsas prinsipidir. Faydalı qazıntı yataqlarında bu kriteriyalara mütəmadi nəzarət davam etdiriləcək.
İşğaldan azad edilən
bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi
Zəngəzur regionunun iqtisadi inkişafına töhfə olacaq. Bu, doğma torpaqlarına
geri dönən soydaşlarımızın işlə təminatı baxımından da vacib məqamdır. Faydalı
qazıntı yataqlarının səmərəli istismarı azad olunan bölgələrimizin yenidən
inşası işində də müstəsna əhəmiyyətə malikdir.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı