İdayətov Samir 1980-cı il may ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə 265 saylı orta məktəbi bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2001-ci ildə bakalavr, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnmiş, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə üzrə əlavə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 2002-ci il-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində başlamış və 2017-ci il tarixinədək həmin Nazirlikdə aparıcı məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışmışdır. 2017-ci ildən bir il ərzində Dövlət Toxum Fondunda baş mühasib, Fondun sədri, Fondda baş iqtisadçı, Fondun Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri kimi çalışmışdır. 2018-ci ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə “Azərbaycan Yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətində sədr müavini, 2021-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.
15 İyul 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunmuşdur.
2002-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Üç övladı var.