Rəhbərlik

profile_img

Samir İdayətov

İdarə Heyətinin sədri

İdayətov Samir 1980-cı il may ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə 265 saylı orta məktəbi bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2001-ci ildə bakalavr, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnmiş, 2011-2014-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə üzrə əlavə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 2002-ci il-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində başlamış və 2017-ci il tarixinədək həmin Nazirlikdə aparıcı məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışmışdır. 2017-ci ildən bir il ərzində Dövlət Toxum Fondunda baş mühasib, Fondun sədri, Fondda baş iqtisadçı, Fondun Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri kimi çalışmışdır. 2018-ci ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə “Azərbaycan Yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətində sədr müavini, 2021-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir.

15 İyul 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunmuşdur.

2002-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı var.

profile_img

Azər Şükürov

İdarə Heyəti sədrinin müavini

Şükürov Azər Məcid oğlu 4 noyabr 1963-cü ildə anadan olub. 1985-1991-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində Moskva Dağ-Mədən İnstitutunda dağ-mədən mühəndisliyi üzrə təhsil alıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1984-cü ildə “Soyuzkvarssamosvet” Ümumittifaq İstehsalat Birliyinin Azərbaycan geoloji axtarış partiyasında Dağ qazmaçısı kimi başlamış, 1991-2010-cu illər ərzində isə ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu ildən bugünədək “Azinterpartlayış-X” MMC-nin direktoru vəzifəsində çalışır. Dağ-mədən işlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə görə “Azəri Business Award”, Dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələrə görə isə “Uğur” milli mükafatlarına layiq görülüb. Geologiya və dağ-mədən sahəsində dövri elmi nəşr olan “Yer və İnsan” jurnalının təsisçisi və Ukrayna Milli Texniki Universiteti “İqor Sikorski adına KPİ”nin mədənçilik üzrə doktorantıdır. Azərbaycan, rus və türk dillərini bilir.

2020-ci ilin oktyabrın 16-dan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

profile_img

Elçin Məcidov

İdarə Heyəti sədrinin müavini

Məcidov Elçin Azad oğlu 1990-cı il mart ayının 20-də Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə 83 saylı orta məktəbini bitirmiş və 2007-2011-ci illərdə Şimali Kipr Respublikasının Near East Universitetində, daha sonra isə Çexiya Respublikasının PCU Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsili almışdır. 2021-2022-ci illərdə Amerika Birləşmiş Ştatlarının Duke Universitetində “Layihələrin idarə olunması” (PMP) proqramını bitirmişdir. 2013-2014-cü illərdə həqiqi Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 2014-ci il-də Bakı Avropa Oyunları Əməliyyat Komitəsində mühasib vəzifəsində başlamış, 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarında aparıcı mühasib, 2018-2019-cu illərdə Dünya Ekspo Bakı Əməliyyat Katibliyində maliyyə meneceri , 2019-cu ildə isə Bakı Avropa Gənclər Olimpiya Festivalında isə böyük mühasib vəzifəsində çalışmışdır. 2020-ci ilin sentyabr ayından etibarən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində baş mühasib və daha sonra maliyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.,

2022-ci ilin aprelin 28-dən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. iki övladı var.