img1

Beynəlxalq əməkdaşlıq

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yer təkindən istifadə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir. Agentlik həmçinin, beynəlxalq təşkilatlar, eləcə də ölkəmizin dağ-mədən sənayesinə investisiya qoyuluşunda və yerli istismarçılarla əməkdaşlıqda maraqlı olan xarici investorlarla yerli istismarçılar arasında vasitəçilik edir, bu sahədə xarici təşkilatlara və sərmayədarlara dəstək göstərir.

Hazırda, Agentlik Dünya Bankı, “British Geological Survey” (Britaniyanın Geoloji Araşdırması (BGS), Mineral Ehtiyatların Beynəlxalq Hesabat Standartları üzrə Komitəsi (CRIRSCO) kimi nüfuzlu təşkilatlarla danışıqlar aparır. Yerin təkindən istifadə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, geoloji informasiya bazasının rəqəmsallaşdırılması, mədən sənayesində texniki standartların tətbiqi, hesabat sisteminin elektronlaşdırılması və müvafiq dövlət qurumları ilə inteqrasiya olunması (Vahid Məlumat Bazası), torpaqların rekultivasiya tədbirlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, monitorinq sisteminin qurulması (torpaqların müasir tələblərə uyğun idarə edilməsi), geoloji xəritələrin və interaktiv CIS məlumat bazasının yaradılması aparılan danışıqların əsas mövzularını təşkil edir.

Dağ-mədən sənayesində ən qabaqcıl standart hesab olunan “CRIRSCO” standartlarının ölkəmizdə tətbiqi dağ-mədən sənayesinin inkişafına təkan verəcəkdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mineral Ehtiyatların Beynəlxalq Hesabat Standartları (CRIRSCO) Komitəsi arasında imzalanmış Anlaşma Memorandumunun əsas məqsədi “CRIRSCO” şablonuna uyğun olan və Azərbaycanın “CRIRSCO”ya üzv olmasına imkan verəcək geoloji kəşfiyyat nəticələri və faydalı qazıntı ehtiyatları barədə hesabatların verilməsi üzrə milli standartların hazırlanması və tətbiq edilməsində əməkdaşlığa dəstək verməkdir. Geoloji kəşfiyyat nəticələri və faydalı qazıntı ehtiyatları nəticələri barədə hesabatların verilməsi üçün beynəlxalq standartların hazırlanmasında “CRIRSCO”nun əvəzsiz rolu olacaqdır. Əlaqələndirmə işlərini həyata keçirmək məqsədilə “CRIRSCO” təşkilatı ilə aparılan danışıqlara əsasən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Milli Hesabat Təşkilatı kimi müəyyənləşdirilmişdir.

img2
img3

Həmçinin, Agentlik, innovativ “ORIS” modelinin ölkəmizdə tətbiqini də təşviq edir. “ORIS” dünyanın tikinti materiallarının istehsalı üzrə aparıcı şirkəti olan LafargeHolcim tərəfindən yaradılmışdır. “ORIS” layihələrin maliyyələşmə mərhələlərində tikinti materiallarının parametrlərini, riskləri, iddiaları, gecikmələri və investisiya ilə bağlı əlavə xərcləri azaltmaq kimi unikal qabiliyyətə malikdir. “ORIS” təchizatçıların yerli mühiti, dayanıqlılığa diqqət göstərilməsi və uzunmüddətli planlaşdırma ilə bağlı optimal həll yolları ilə daha dayanıqlı yol proqramları təmin edən rəqəmsal platformadır.

Ümumiyyətlə, yer təkindən istifadə sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq, Agentlik, qısa müddətli (2021-2022-ci illər) və uzun müddətli (2022-2024-cü illər) olmaqla 2 strateji hədəf müəyyən etmişdir. Qısa müddətli hədəflərə qanunvericilik aktlarının qabaqcıl təcrübəyə əsasən təkmilləşdirilməsini, pozuntulara yol vermis istismarçıların sağlamlaşdırılması planının birgə işçi qrupu tərəfindən hazırlanmasını və hökümətə təklif verilməsini, Rəqəmsal Mineral Xammal İnformasiya Sistemi layihəsinin icrasını, “e-xammal” platformasının yaradılmasını, innovativ “ORIS” modelinin tətbiqini, vahid məlumat bazasının yaradılmasını, “CRIRSCO” təşkilatına tam üzvlüyə qəbul edilmə prosedurlarına başlanılmasını, Türkiyənin Airborne Geophysical Survey təşkilatı ilə əməkdaşlığın qurulmasını misal göstərmək olar. Həmçinin, uzun müddətli strateji hədəflər kimi bu sahədə yol xəritəsinin müəyyən edilməsi, yerli və beynəlxalq universitetlərlə əməkdaşlığın qurulması, geofiziki və geokimyəvi xəritənin yaradılması, mədənçilər cəmiyyətinin yaradılması, “CRIRSCO” beynəlxalq standartlarının tətbiq edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, geoloji araşdırma üzrə müvafiq qurumun təsis edilməsi, mədən sənayesinin innovasiya mərkəzinin yaradılması, Milli Geoloji Rəqəmsal İnformasiya Mərkəzinin yaradılması, rəqəmsal Geoloji İnformasiya Sisteminin (CIS) yaradılması, hərrac üçün elektron platformanın yaradılması, Mədən Sənayesinin İnkişafı Fondunun yaradılması nəzərdə tutulmuşdur.